Mətanət İsgəndərlinin “aznews.az”a qarşı iddiası üzrə məhkəmə keçirilib
30 iyun 2014 17:34 (UTC +04:00)

Mətanət İsgəndərlinin “aznews.az”a qarşı iddiası üzrə məhkəmə keçirilib

0

Bu gün Nərimanov Rayon Məhkəməsində əməkdar artist Mətanət İsgəndərlinin “aznews.az” xəbər saytının baş redaktoru Elçin Zahiroğlu və media orqanının əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə bağlı məhkəmə baxışı keçirilib. Lent.az-ın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə saat 11:30-da başlayan məhkəmə prosesində hər iki tərəfin vəkillərinin çıxışı olub. Daha sonra məhkəmə nahar fasiləsinə yollandığına görə proses iyulun 7-nə təxirə salınıb.

 

 

Məhkəmə prosesindən sonra “aznews.az”ın baş redaktoru Elçin Zahiroğlu öz təəssüratlarını Lent.az-a bölüşüb: “Bu gün keçirilən məhkəmə prosesində bir çox insanlar iştirak edirdi. Prosesdə bizim vəkilimizin iki vəsatəti oldu. Onların heç birini hakim qəbul etmədi. Birinci vəsatət o oldu ki, Mətanət xanımın özü çıxış etsin. Nə istəyir, problem nədir, özü danışıb, desin. Lakin bu istəyimizi ümumiyyətlə hakim rədd elədi. Qarşı tərəfin vəkilinin çıxışlara mane olması və replikaları hakimin gözü qarşısında oldu. Bizi təmsil edən vəkilin sualları cavabsız qaldı. Hətta vəkilimizə xəbərdarlıq da edildi. Neçə prosesdi istəyimiz odur ki, ittihamçının özü, yəni Mətanət İsgəndərli çıxış etsin. Hər dəfə nədənsə ona mane olurlar. Elə hiss etdik ki, Mətanət xanımın bizə qarşı hansı ittihamla çıxış etdiyindən xəbəri yoxdur. Bizə qarşı irəli sürülən ittihamla ümumiyyətlə razı deyilik. Məhz buna görə də məhkəmədə öz mövqeyimizi müdafiə etməklə məşğuluq”.

 

 

Lent.az-ın əməkdaşı daha sonra M.İsgəndərli ilə əlaqə saxlayıb. Telefonu müğənnin bacısı götürüb: “İstəmirəm telefonu üzünüzə bağlayam. Bu nömrəyə zəng etməyin. Mətanət xanım yoxdur. Bizi narahat etməyin”, - deyərək, dəstəyi yerə qoyub.

 

Xatırladaq ki, M.İsgəndərli jurnalistlərin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum olunmalarını tələb edir. Jurnalistlərin hüquqları vəkil Elçin Sadıqov tərəfindən qorunur.

Qeyd edək ki, M.İsgəndərlinin məhkəməyə müraciət etməsinə səbəb “aznews.az” saytında barəsində gedən yazıdakı “narkoman” ifadəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1074

Oxşar yazılar