Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gəncə Polis İdarəsinin əməkdaşı Fərid İsgəndərov ifadə verib. O, bildirib ki, 2016-2017-ci illər arasında Ağstafa Rayon Polis İdarəsində müstəntiq vəzifəsində işləyib: “Həmin vaxtı Məhəbbətin Ağstafada olan mənzilində məhkəmə qərarı ilə axtarış həyata keçirdik. Mənzildə baxış keçirəndə iki ədəd avtomobil qeydiyyat nömrə nişanı tapdıq. Evdən həmçinin xəncər və patron da tapıldı. Hal şahidlərinin iştirakı ilə sənədləşdirdik. Evdə olan xanımın adını xatırlamıram. Ondan evdən götürülən əşyalar barədə soruşanda xəbərsiz olduğunu söylədi. O, axtarışa heç bir etiraz etmədi və hətta axtarış aparmağımıza da kömək edirdi".
M.Namazov deyib ki, polislər patronu evdən deyil, həyətdən tapıblar.
Polis əməkdaşı isə deyib ki, patronlar həyətə daxil olanda sağ tərəfdə tikilən mətbəxdə tapılıb.
Məhkəməyə digər şahidlər gəlməyib. Hakim onların məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.
Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.