Lerikdə 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik şose yolunun 27-ci kilometrliyində qeydə alınıb. Lerik rayon sakini, 51 yaşlı Şahin Əliyevin idarə etdiyi “Niva” markalı minik avtomobili Lənkəran istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn həmyerlisi, 53 yaşlı Zadir Seyfullayevin idarə etdiyi “VAZ- 2106” markalı minik maşını ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyməklə, onların sürücüləri ilə birlikdə daha 2 nəfər sərnişin ciddi bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdiriliblər. Lerik rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirərək araşdırmalara başlayıblar.
İlkin versiya kimi qəzanın yağmurlu hava şəraitində “Niva” markalı avtomobilin “VAZ-2106” markalı maşının yoluna çıxmaqla sərt döngədə qəza şəraiti yaratması səbəbindən baş verdiyi göstərilir. Hadisəsinin dəqiq səbəbləri isə keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.