Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilib. Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Lent.az-a verilən məlumata görə, onlardan ümumilikdə 59 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşı İsmayılov Asif Eyyub oğlu Dağıstan Respublikasında saxlanılıb və İrandan Rusiyaya göndərilən içərisində kartof kisələri olan yük avtomobilinə keçirilmiş baxış nəticəsində 36 kiloqram 200 qram həşiş aşkarlanaraq götürülüb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları - Ağayev Rasim Mirzə oğlu və Şəbiyev Anar Çingiz oğlu saxlanılıb, onlardan 6 kiloqramdan artıq heroin və 2 kiloqram 965 qram tiryək aşkarlanaraq götürülüb. Milli Təhlükəsizlik Nazirliyinin başqa bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Namiq Əkbərağa oğlu saxlanılıb, ondan 2 kiloqram 192 qram tiryək aşkarlanaraq götürülüb. Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əliməmmədov Nazim Süleyman oğlu saxlanılıb, baxış nəticəsində ondan 200 qramdan artıq müxtəlif növ ağır tərkibli narkotik vasitələr aşkarlanaraq götürülüb.
Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycanın Astara rayonunun Sım kəndi ərazisində İran istiqamətindən dövlət sərhədini qanunsuz keçmiş İran vətəndaşı Ruhi Dilavər Mətləb oğlu saxlanılıb, ondan 2 kiloqram 50 qram həşiş qətranı aşkarlanaraq götürülüb. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Tahirov Rafiq Əlihüseyn oğlu və Babayev Rəhim Rəhman oğlu saxlanılıblar. Müəyyən edilib ki, Rafiq Tahirov və Babayev Rəhim, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Behzad adlı vətəndaşı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə olan - 48,20 qram çəkidə 205 ədəd metadonu qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər. Mart ayının 17-də həyata keçirilmiş əməliyyat tədbiri ilə Azərbaycan vətəndaşları - Qasımov Sakit Böyükkişi oğlu, Qasımov Habil Böyükkişi oğlu və Ağayev Natiq Mirağa oğlu saxlanılıb, onlardan 8 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın tiryək, 303 qram maye halında narkotik vasitə olan amfetamin aşkarlanaraq götürülüb.
Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir.