“Etiraf etmək lazımdır ki, orduda rüşvətxorluq, hədə-qorxu ilə pul tələb etmə və sair bu kimi hallar yenə də mövcuddur”.
Lent.az-ın AzVision.az-a istinadən verdiyi məlumata görə, bunu respublika hərbi prokurorunun müavini, general-mayor Şəfahət İmranov bildirib. Ş İmanovun sözlərinə görə, bu növ cinayətlərin qarşısının alınması, törətdiyi halda isə vaxtında aşkar edilib günahkar şəxslərin cəzalandırılması istiqamətində kəsərli tədbirlər görülür: “Habelə, hərbi hissələrdə mühazirələr oxunulur, hərbi qulluqçuların qəbulu keçirilir, digər hüquqi maarifləndirmə işləri aparılır, etimad qutuları təşkil olunur, mütəmadi olaraq tədbirlərin planı hazırlanıb həyata keçirilir və digər tədbirlər görülür”.
Hərbi prokurorun müavini onu da bildirib ki, respublikanın bəzi rayon hərbi komissarlıqlarının, o cümlədən Sumqayıt şəhəri, Bakı şəhərinin Binəqədi, Suraxanı, Xətai rayonları, Respublikanın 10-dan artıq digər rayon hərbi komissarlıqların vəzifəli şəxsləri, komissarlıqların nəzdində fəaliyyət göstərən hərbi-həkim komissiyasının sədr və üzvləri barəsində rüşvət alma, vəzifə saxtakarlığı, qulluq mövqeyindən sui-istifadə etmə faktları ilə bağlı cinayət işləri başlanılıb: “Onlarla komissarlıq əməkdaşları həbs edilərək məhkəmə məsuliyyətinə verilib və məhkəmənin müvafiq hökmləri ilə ağır cəzalara məhkum ediliblər. Hazırda Orduda korrupsiya cinayətləri ilə bağlı işlər davam etdirilir”.
Hərbi hissələrdə özünü öldürmə həddinə çatma cinayətlərinin sayının son illər artması məsələsinə də münasibət bildirən general vurğulayıb ki, əldə edilmiş müsbət nailiyyətlərlə yanaşı, orduda neqativ hallar, o cümlədən intihar və sair bu kimi hadisələr də mövcuddur. “Bunların baş vermə səbəbləri müxtəlifdir: hərbi qulluqçuların hərbi xidmətin spesifik çətinliklərinə dözə bilməməsi, ailələrində və şəxsi həyatlarında olan problemlər, məktəblərdə hərbi xidmətə hazırlığın aşağı səviyyədə olması, hərbi qulluqçular arasında baş verən xırda insidentlər, habelə onlara qarşı edilən qanunsuz hərəkətlər intihar hadisələrinin baş verməsinə səbəb olub. Məsələn, Naftalan şəhərində yerləşən N saylı hərbi hissənin əsgəri ailəsində olan maddi çətinliklər, atasının tez-tez spirtli içkilər qəbul etməsi, valideynləri arasında olan münaqişələr onun emosianal fonunun aşağı düşməsinə səbəb olub, nəticədə o, döyüş növbəsində olarkən xidməti istifadəsində olan avtomat silahdan baş nahiyəsinə atəş açaraq özünü öldürüb.
Azərbaycan ordusunda 2012-ci ildə intihar etmiş hərbi qulluqçuların sayı 0,005 % təşkil edib. Eyni ilə Azərbaycan ordusunda intihar hadisələrinin sayı həm Rusiya, həm də Türkiyə dövlətinin ordusu ilə müqayisədə xeyli az olub”-deyə, Ş. İmanov əlavə edib.