İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçiriblər.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlanıblar: “Bəzi mətbuat orqanlarında Hacı Məmmədovun psixoloji problemlərinin olması barədə məlumatlar yayılıb. Bunlar yalandır. Hacı Məmmədovun psixoloji vəziyyəti normaldır. Evdən gələn azuqəni qəbul edir. Qanunvericiliyə uyğun olaraq kamerasında televizor və radio var”.
E. Behbudov orada saxlanılan jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi Arif Yunusla da maraqlandığını deyib: “Onların da səhhəti normaldır. Hər hansı problem yoxdur. Leyla Yunus da dindirilmə ilə bağlı olaraq bir həftə orada saxlanılıb”.
Hüquq müdafiəçisi orada saxlanılan Qafqaz Müsəlmanları İdarəsinin sabiq əməkdaşı Elşən Mustafayevlə də görüşdüklərini bildirib: “Elşən Mustafayevin saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Daha sonra biz orada saxlanılan Zərdab rayon sakini Mikayılov Rövşən Baba oğlu ilə də görüşdük. Həmin şəxs 4 ay Suriyada döyüşlərdə iştirak edib. İŞİD silahlı birləşməsinin üzvü olub və orada təlimlər keçib. Oraya getməyə peşman olduğunu bildirdi”.