Bir neçə gün bundan əvvəl sabiq deputat Gülər Əhmədova mediaya açıqlamasında ev dustağı olduğunu söyləmişdi. Onun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi ev dustağı olması barədə qərar çıxarıb və buna əməl edən sabiq deputat da hər gün evində olduğu barədə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına, sahə müvəkkilinə məlumat verir.
Lakin Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq, Gülər Əhmədovanın barəsində ev dustaqlığı qəti-imkan tədbirinin seçilməsi ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini bildirib, təkzib etmişdi.
“Yeni Müsavat” qəzeti isə mənbəsinə istinadən G.Əhmədova barəsində seçilmiş qətimkan tədbirinın polisin nəzarəti altına verilmə olduğu barədə məlumat yayıb.
Qeyd edək ki, “Polisin nəzarəti altına vermə” adlanan bu maddə Ciayət Prosessual Məcəllənin 169-cu maddəsidir
Maddədə göstərilib: “Polisin nəzarəti altına vermə qətimkan tədbiri qismində bu maddədə müəyyən olunmuş hüquqi məhdudiyyətlərin şübhəli və ya təqsirləndirilən şəxsə tətbiqindən ibarətdir.
Polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar.
Polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir. Polis orqanı göstərilən qərarı qəbul etdikdən sonra 24 saat müddətində şübhəli və ya təqsirləndirilən şəxsi çağırmalı, onu qeydiyyata almalı və nəzarətin tətbiqinə başlanması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir”.
Maddə ilə bağlı təsnifat, G. Əhmədovanın istintaq prosesinə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduğunu söyləməyə imkan verir.