"Biz hər an vətənin keşiyindəyik və düşmənin istənilən hücumunun qarşısını almağa hazırıq".
APA TV-nin xəbərinə görə, bunu ötən ilin noyabrın 12-də ermənilərə məxsus helikopteri vuran Azərbaycan ordusunun hərbçisi İlkin Muradov İqtisad Universitetinin tələbələri qarşısında çıxış edərkən deyib.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Vətənin çağırışına hazırıq" adlı tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyi, Milli Məclisin deputatları, cəbhə bölgələrindən gələn zabitlər, bütün qoşun növlərinin, birlik-birləşmə və hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin zabitləri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan tədbiri müəllif açaraq ordumuzun son vaxtlardakı uğurları, Azərbaycan əsgərinin döyüş ruhu, düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsindən danışıb.
Tədbirdə xidmətdə fərqlənən qulluqçular tələbələrə təqdim edilib. Sonda universitet heyəti adından Müdafiə Nazirliyinə müraciət ünvanlanıb.