Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı əfv sərəncamı Penitensiar Xidmətin Müalicə Müəssisəsində, 6 və 11 saylı cəzaçəkmə müəssisələrində icra olunub.
APA-nın məlumatına görə, Müalicə Müəssisəsindən 3, 6 saylı cəzaçəkmə müəssisəsindən 24, 11 saylı cəzaçəkmə müəssisəsindən isə 3 nəfər azadlığa buraxılıb. 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılanlar arasında Suriya və İngiltərə vətəndaşları da olub.
Əfv sərəncamı Şəki Pentensiar Müəssisəsində də icra olunub.
Sərəncama əsasən, Şəki Pentensiar Müəssisəsində cəza çəkən 12 məhbus azadlığı buraxılıb. Bu münasibətlə müəssisədə təşkil edilmiş tədbirdə çıxış edən Şəki Pentensiar Müəssisəsinin rəhbəri Murtuz Sadıxov və digər şəxslər əfv edilənləri təbrik ediblər.
Əfv olunanların yaxıları dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Əfv olunanların 3-ü Şəki, 3-ü Mingəçevir, 2-si Yevlax , 1-i Ağdam, 1-i Ağsu, 1-i Balakən və 1-i Oğuz sakinidir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün müəssisələrində sərəncam icra olunub.
Qeyd edək ki, prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv olunalar arasında xarici ölkə vətəndaşları da var.