Ağdamın Əfətli kəndi ərazisində məskunlaşan məcburi köçkünlərin təsərrüfatı canavarların hücumuna məruz qalıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yırtıcılar 20-yə yaxın xırda buynuzlu heyvana xəsarət yetiriblər. Daha çox zərərlə rayon sakini Əbülfət Əhmədovun təsərrüfatı üzləşib.
Ə. Əhmədovun sözlərinə görə, vəhşi heyvan sürüsü gecə saat 4 radələrində həyətə soxulub. Səs-küyə gələn qonşuların müdaxiləsindən sonra heyvanlardan bir qismi salamat qalıb. Ağdam rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən xəsarət alan heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub. Yaralı heyvanların ərazi baytarı tərəfindən mütəmadi olaraq nəzarət altında saxlanılacağı barədə tapşırıqlar verilib.