Daxili İşlər Nazirliyi (DİN) Bakıda qadın polislə vətəndaş arasındakı yaranan insidentə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, mayın 26-da saat 20.30 radələrində Binəqədi rayonu Novxanı bağlar sahəsində Bakı şəhər sakini Vüqar Hidayətzadə ilə xidmətdən kənar vaxtda idarə etdiyi “Nissan Patrul” markalı avtomobillə öz ailəsi və yaxınları ilə şəhər istiqamətində hərəkət edən Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Pərvin Zeynalova arasında mübahisə yaranıb. Bu zaman V. Hidayətzadə P. Zeynalovanı münaqişə zəminində döyüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırma aparılıb, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.
Qeyd edək ki, məlum hadisə ötən gün Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.
Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı, 1978-ci il təvəllüdlü Pərvin Şirinbala qızı Zeynalova və 1980-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Hidayətzadə əlbəyaxa olublar.
Polisdən, həmçinin bildiriblər ki, hadisəyə P. Zeynalovanın özünə məxsus “Nissan Patrul” markalı avtomobili yüksək surətlə idarə etməsi səbəb olub.
V. Hidayətzadə ona irad bildirib, bundan sonra P. Zeynalova ilə onun arasında insident baş verib.