Daxili İşlər Nazirliyi ölkədə baş verən qətl hadisələri ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb geri qayıtmayıb.
Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.
Sentyabrın 22-də Daşkəsən şəhərində şəhər sakini Rəfayel Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerliləri, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov və Elmir Məmmədov tutulub.
Sentyabrın 22-də Masallı rayonunun Şərəfə kəndindən İntizam Rzayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Salman Qurbanov tutulub.
Sentyabrın 22-də Tərtər rayonunun Köçərli kəndində yaşayan Əzizə Zeynalovanın həyətində, nəvəsi Fərid Zeynalov münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ağdam rayon sakini Tofiqə Qurbanovanı boğub.
Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Zeynalov tutulub.
Hər 4 qətl hadisəsi ilə bağlı araşdırmalar davam edir.