Demokratik media: inkişafın yeni mərhələsi - ŞƏRH
28 noyabr 2013 18:20 (UTC +04:00)

Demokratik media: inkişafın yeni mərhələsi - ŞƏRH

Cəmiyyətin inkişaf prosesində meydana gələn müxtəlif siyasi, iqtisadi, sosial təsisatların ictimai sistemdə xüsusi yeri və rolu vardır. İnsanların fərdi və kollektiv ünsiyyət tələbatının ödənilməsində sosial vasitəçi olan qəzet istənilən qrup və sosial struktur qarşısında geniş imkanlar açır, siyasi baxışların, mövqelərin, ideya və proqramların ötürücüsü kimi cəmiyyətin idarəçiliyində mühüm təsir mexanizminə çevrilir. Elə bu səbəbdən də qəzet və digər kütləvi informasiya vasitələri hər zaman dövlət xadimlərinin, mütəfəkkirlərin diqqətini cəlb etmişdir. XVII-XVIII əsrlərdə Avropada siyasi fikir adamlarının bir qismi mətbuatı dövlət strukturuna daxil olan, hakimiyyət və idarə olunanlar arasında yer tutan üçüncü element hesab edirdilər.

Qəzet, mətbuat bir tərəfdən dövlət, hakimiyyət orqanları üçün cəmiyyətin səmərəli idarəçilik alətinə çevrilir, qanunların, göstərişlərin, qərarların vətəndaşlara ötürülməsində əvəzsiz rol oynayırdı. Digər tərəfdən isə vətəndaşlar öz sorğularını, tələb və təkliflərini qəzet vasitəsilə hakimiyyət strukturlarına ünvanlayır, cəmiyyətin dövlət orqanları üzərində nəzarətini həyata keçirirdilər. Beləliklə də, qəzet dövlətin fəaliyyətinə dair informasiya azadlığının “şəffaflığını” təmin etmiş olur, ictimai rəyin ifadəçisi kimi real hakimiyyətə güclü təsir göstərir, bəzən də onun qarşısına sədd çəkirdi.

Dövri mətbuatın cəmiyyətin həyatına təsir imkanlarını nəzərə alan dövlət rəhbərləri Avropada hələ XVII əsrdən başlayaraq mətbuatı nəzarət altında saxlamaq üçün müxtəlif hüquqi təsir mexanizmlərinə əl atır, siyasi və ideoloji senzuranı qanunvericilik yolu ilə təsbit edirdilər. Söz və mətbuat azadlığı genişləndikcə Avropa hökmdarları daha çox qorxuya düşürdülər. Napoleon Bonapart kimi qüdrətli şəxsiyyət belə azad mətbuatın fəaliyyətinə laqeyd baxa bilmir, dözümsüzlük göstərirdi. İmperator deyirdi: “Mən üç qəzetdən daha çox qorxuram, nəinki yüz min əsgər süngüsündən. Siz məni Fransanın sahibi kimi görürsünüz, amma mən azad mətbuat şəraitində heç üç ay da ölkəni idarə edə bilməzdim”.

Bu sözlər azad mətbuatın yarandığı ilk dövrlərdə birinci hakimiyyətin dördüncü hakimiyyətə münasibətinin real ifadəsidir. Zaman keçdikcə söz və fikir azadlığı çətinliklə də olsa, özünə yol açdı, cəmiyyətin həyatına daha dərindən nüfuz edərək demokratikləşmə, tərəqqi və inkişaf meyarına çevrildi. Dövlətin və dövlət xadimlərinin də mediaya münasibəti dəyişdi. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyi təqdirəlayiqdir: “Müasir dünyada inkişaf etmiş ölkələrdə medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda, Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır”.

Çoxsaylı media vasitələrinin qeydiyyatdan keçməsi söz və mətbuat azadlığının, fikir plüralizminin real göstəricisidir. Kiçik bir ölkədə 5000-ə yaxın kütləvi informasiya vasitəsinin, yüzlərlə informasiya portalının, 50 informasiya agentliyinin, 9 respublika, 1 peyk, 14 regional, 14 kabel telekanalının, 14 radiostansiyanın, 30 internet-provayderin, “az” zonasında 12 min domenin qeydiyyatdan keçməsi və onların böyük qisminin uğurla fəaliyyət göstərməsi dövlətin mediaya münasibətinin və qayğısının parlaq təzahürüdür.

Azad media sferası genişləndikcə onun ictimai rəyə təsiri artdıqca jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsinə ehtiyac daha çox duyulur. Odur ki, beynəlxalq jurnalistika təcrübəsini öyrənməklə, plüralist siyasi mühit və demokratiyanın imkanlarından bəhrələnməklə yanaşı, həm də cəmiyyətin ictimai tələbatını bütünlüklə nəzərə almalı, hüquq və azadlıqlarımız kimi vəzifə və öhdəliklərimizi, mənəvi borcumuzu, ictimai məsuliyyətimizi də dərk etməliyik. Jurnalist fərd olaraq üzvü olduğu cəmiyyətə öz işi, intellekti, qələmi ilə maksimum fayda verməli, öz mənəvi borcunu ləyaqətlə yerinə yetirməlidir. Cəmiyyətin ictimai tələbatını yerinə yetirməyə qabil olmayan, insanların arzu və istəklərini dərk etməyən, əməli fəaliyyətində qanunvericiliyin və peşə etikasının tələblərinə məhəl qoymayan media orqanlarına bizim aramızda yer ola bilməz.

Azərbaycan dövləti bu gün özünün media siyasətini mətbuat və söz azadlığının təmin olunması, siyasi plüralizmin bərqərar edilməsi, demokratik və azad mətbuatın formalaşmasına hərtərəfli dəstək, müstəqil medianın səmərəli fəaliyyət göstərməsi üçün mütərəqqi dünya təcrübəsini özündə ehtiva və təsbit edən qanunvericilik bazasının formalaşdırılması, normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində həyata keçirir. Qətiyyətlə deyə bilərik ki, bu sahədə Azərbaycan qanunvericiliyi dünya standartlarına tamamilə uyğundur.

1996-cı ildə hərbi senzuranı, 1998-ci il avqustun 6-da “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” prezident fərmanı ilə bütövlükdə KİV üzərində senzuranı, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyini ləğv etməklə dövlət mediaya təsir mexanizmlərindən imtina etdi.

 Azərbaycan demokratik mediası artıq öz inkişafının yeni mərhələsini yaşamaqdadır. Media–cəmiyyət, media–dövlət münasibətlərinin sağlam əməkdaşlıq ruhunda inkişafı, kütləvi informasiya vasitələrinin ötən illərdə üzləşdiyi çətinliklərin aradan qaldırılması, jurnalistlərin sosial problemlərinin həllinə dövlət dəstəyinin ildən-ilə artması, yazarların peşəkarlığının yüksəlməsi bu mərhələnin diqqətçəkən əlamətləridir.

Ölkənin demokratik inkişafından qaynaqlanan və bu prosesə fəal təsir göstərən azad medianın hərtərəfli yüksəlişi, cəmiyyətdə layiq olduğu yeri tutması son 10 ildə Prezident İlham Əliyevin ardıcıl diqqət yetirdiyi, həssaslıqla dəstək verdiyi məsələlər sırasında olmuşdur. Məhz buna görə dövlət başçısının belə xoş məramını bu yaxınlarda  media ictimaiyyəti ikinci dəfə yüksək qiymətləndirərək Prezident İlham Əliyevi yenidən “Jurnalistlərin dostu” elan etmişdir. Nüfuzlu media mükafatı noyabrın 24-də KİV rəhbərlərinin və təmsilçilərinin iştirakı ilə ölkə rəhbərinə təqdim edilmişdir.

“Ruh” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi, milli mediamızın inkişafına, onun problemlərinin həllinə dəstək verən, xüsusən, jurnalistlərin hüquqlarının qorunmasında mühüm xidmətləri olan insanların layiq görüldüyü bu mükafatın 12 il əvvəl ümummilli lider Heydər Əliyevə verilməsi onun çəkisini, nüfuzunu və dəyərini hədsiz yüksəltdi. Cəmiyyətdə jurnalistikanın rolunu, jurnalist sözünün gərəkliyini yüksək qiymətləndirən ulu öndər onların tənqidi fikirlərinə, əsaslı çıxışlarına həssaslıqla, dözümlü yanaşdığı kimi, ölkənin media ailəsinin çox ciddi tələblərlə verdiyi bu mükafatı da xüsusi dəyər daşıyan təltif olaraq qədirbilənliklə qəbul etmişdi.

 2002-ci il martın 22-də “Jurnalistlərin dostu” mükafatını təntənəli surətdə qəbul edən Prezident Heydər Əliyev duyğu və düşüncələrini belə ifadə etmişdi: “Mənə 2001-ci ildə Azərbaycanda “Jurnalistlərin dostu” mükafatı verdiklərinə görə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinə, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam.

Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Mən çox mükafatlara layiq görülmüşəm. Əksəriyyəti dövlətlər tərəfindən verilən mükafatlardır. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır... Bugünkü mükafatı yüksək qiymətləndirirəm və çalışacağam ki, həmişə jurnalistlərin dostu olam”.

Hər hansı mükafat, təltif o zaman nüfuz qazanır, qədir-qiymət ölçüsünə çevrilir ki, o yüksək əməli işlərin, çoxluq tərəfindən dəyərləndirilən xidmətlərin müqabilində verilmiş olsun. Söhbət “Jurnalistlərin dostu” mükafatından gedirsə, medianın dostu olmaq o qədər də asan deyildir. Həyatın işıqlı tərəfləri kimi, neqativ cəhətlərini də əks etdirən jurnalistlər buna görə dünyanın hər yerində xoşagəlməz hallarla üzləşirlər. Yalnız onların fəaliyyətinin ülvi məğzini, xeyirxah mahiyyətini dərindən anlayanlar jurnalistlərin rəğbətini qazanırlar. Jurnalistikadakı bu qarşılıqlı dostluq-anlaşma məqamının əsas meyarı prinsipiallıq və obyektivlikdir.

Ümummilli lider milli jurnalistikamızın inkişafına həm dövlət başçısı, həm də nadir bir şəxsiyyət kimi xoşməramlı münasibətilə, ardıcıl dəstəyi ilə daha bir örnəyin əsasını qoymuş, ölkədə demokratik medianın əsaslarının möhkəmlənməsinə tarixi xidmət göstərmişdir. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə müstəqil dövlətdə KİV-in söz azadlığı prinsipləri əsasında və bazar münasibətləri şəraitində formalaşmasının mükəmməl hüquqi-normativ bazası yaradılmışdır. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Prezident Heydər Əliyevin mətbu sözə dövlət nəzarətinin kobud və vaxtı keçmiş forması olan senzuranı ləğv etməsi, KİV-in, xüsusən, qəzet-jurnalların irili-xırdalı problemlərini mərhələ-mərhələ aradan qaldırması ölkədə azad, demokratik mətbuatı sivil inkişaf yoluna çıxarmışdır. Bu prosesdə jurnalistlərin ulu öndərin misilsiz tarixi xidmətlərini, sadəcə, “Jurnalistlərin dostu” adı ilə qiymətləndirməsi o böyük insanın qəlbində olduqca səmimi hisslər yaratmış, məmnunluq doğurmuşdu. O vaxtadək jurnalistlərin hüquqlarının qorunmasına həssaslıq göstərmiş ictimai-siyasi xadimlərin layiq görüldüyü “Jurnalistlərin dostu” adı ulu öndərin bu yöndə ölçüyəgəlməz xidmətlərinə verilən şərəfli ödül kimi yeni bir önəm və çəki qazandı.

Son 10 ildə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana ali rəhbərlik kursunu uğurla davam etdirən Prezident İlham Əliyev onun “Jurnalistlərin dostu” olması missiyasını da yüksək səviyyədə gerçəkləşdirmişdir. Möhtərəm Prezidentimiz latın qrafikalı əlifba ilə ədəbiyyat nəsrindən tutmuş ictimai televiziya ideyasının həyata keçirilməsinə, Mətbuat Şurasının fəaliyyətinə əlverişli şərait yaradılmasına, KİV-ə dövlət dəstəyi konsepsiyasının qəbul edilməsinə və bu dəstəyin reallaşdırılması üçün ayrıca fondun yaradılmasına, jurnalistlərin vaxtaşırı mükafatlandırılmasına, onların fərdi, qrup və ümumi müraciətlərinin diqqət və qayğı ilə cavablandırılmasına qədər geniş spektrdə mediamızın növbəti inkişaf mərhələsinə çıxmasına mötəbər qarant olmuşdur.

Bütün bunlara görə, təbii olaraq, ulu öndərin ideya və əməllərinin ən layiqli davamçısı kimi Prezident İlham Əliyev onun jurnalistlərin dostu kimi qazandığı titula da layiq görülmüşdür. Ulu öndərin “Mən həmişə jurnalistlərin dostu olacağam” bəyanatına bütün fəaliyyəti dövründə sədaqət nümayiş etdirən Prezident İlham Əliyev sonrakı illərdə jurnalistikamızın yeni mərhələdə inkişafını dəstəklədiyinə, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı atdığı dünyada analoqu olmayan təqdirəlayiq addımlara görə bu yaxınlarda ikinci dəfə “Jurnalistlərin dostu” adına layiq görülmüşdür.

Bu mükafatın təqdimetmə mərasimi jurnalistikamızın həyatında növbəti əlamətdar hadisəyə çevrildi. Bu ilin iyulunda Azərbaycan jurnalistlərinin VI qurultayında, bundan az sonra Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş 156 mənzilli binanın açılış mərasimində mediamızın çağdaş durumu və inkişaf perspektivləri ilə bağlı səsləndirilmiş konstruktiv mülahizələrin, faydalı diskussiyaların davamı olaraq bu mərasimdə də milli jurnalistikamızın taleyüklü məsələləri diqqət mərkəzində oldu.

Mərasimdə son 10 ildə Azərbaycanın KİV şəbəkəsində qazanılmış tarixi uğurlar bir daha nəzərdən keçirildi. Media ictimaiyyəti adından səslənən fikirlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda azad, demokratik jurnalistikanın formalaşdırılması ilə bağlı yaratdıqları dövlət dəstəyi sisteminin uğurları qədirbilənliklə, konkret faktlarla yada salındı. Bütün bunların mediamızı yeni inkişaf mərhələsinə çıxarması mərasimdə məmnunluqla vurğulandı.

Elə buradaca qeyd edək ki, hər bir media orqanı dövlət dəstəyindən faydalanmaq arzusunda ola bilər, lakin yalnız dövlətçiliyə, xalqa və Vətənə xidmət edənlərin bu dəstəyi almağa mənəvi haqqı vardır. Xaricdən alınan qrantlar müqabilində böhtan və iftira püskürənlər, milli maraqları gözardı edənlər, heç şübhəsiz ki, hər zaman xalqın təpkisi və nifrəti ilə üzləşəcəklər.

Çağdaş jurnalistikamızın qarşısında duran vəzifələr isə bu məclisdə jurnalist peşəkarlığının yüksəldilməsi, KİV-in maddi təminatının möhkəmləndirilməsinə dəstək verilməsi, medianın vətəndaşlıq mövqeyinin günün gerçəklikləri ilə uzlaşdırılması kimi mühüm istiqamətlər üzrə nəzərdən keçirildi.

Prezident İlham Əliyev media təmsilçiləri qarşısında geniş çıxışında “Jurnalistlərin dostu” adına yenidən layiq görülməsini media-dövlət münasibətlərinin ahəngdarlaşması yönündə növbəti uğurun təsdiqi kimi dəyərləndirdi. Dövlət başçısı Azərbaycanda söz və insan azadlığı prinsiplərinin ardıcıl bərqərar olunmasını ümumi demokratik inkişafın uğuru və prioriteti kimi nəzərə çatdırdı. Möhtərəm Prezidentimiz qətiyyətlə bildirdi ki, o, dövlət başçısı kimi bundan sonra da medianın demokratik inkişafını daim diqqətdə saxlayacaq, lazımi dövlət dəstəyini ardıcıl təmin edəcəkdir: “Azərbaycanda söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluğa sadiq adamam və hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da davam edəcəkdir”.

Prezident İlham Əliyev mərasimdə KİV-in yerdə qalan çətinlik və problemlərinin bundan sonra da diqqət mərkəzində olacağını bildirdi, səslənən mülahizələrin həssaslıqla cavablandırılacağını söylədi, jurnalistləri Vətən naminə birgə fəaliyyətə çağırdı, dəyərli tövsiyələrini verdi. Görüşdə sərgilənən həmrəylik, mediamızın hərtərəfli inkişafı ilə bağlı səslənən xoş məram, şübhəsiz, milli jurnalistikamızın yeni mərhələdə daha böyük uğurlar qazanmasına əlverişli şərait yaradacaqdır.

 

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15