“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub.
APA-nın məlumatına görə, bu barədə onun vəkili Aqil Layicov Bakı Ağır Cinayətlər Məhkəməsində Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmənin bu gün keçirilən hazırlıq iclasında çıxışında deyib.
Onun sözlərinə görə, Avropa Məhkəməsinə müraciətdə C. Hacıyevin həbsinin qanunsuz olduğu bildirilib.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.