Bu da “Rövşən Lənkəranski”... - REPORTAJ
02 fevral 2010 13:00 (UTC +04:00)

Bu da “Rövşən Lənkəranski”... - REPORTAJ

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal avtoritet Rövşən Caniyevin (“Rövşən Lənkəranski”) cinayət işi üzrə məhkəmə baxışı başladı. Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən proses digər məhkəmə proseslərindən fərqlənirdi...

O kimdir?

Qısa arayış: Caniyev Rövşən Rafiq oğlu (“Rövşən Lənkəranski”) 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır. Astara rayon xalq məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi il 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail rayon məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.
2002-ci ildə isə R.Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin R.Caniyev istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci ildə axtarış elan olunub.
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

Qapalı olmayan bağlı proses...

Prosesi fərqləndirən cəhət ondan ibarət idi ki, məhkəmə zalına jurnalistlər buraxılmırdı. Adətən məhkəmə qapalı elan olunanda zala heç bir kənar adam, o cümlədən mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri buraxılmır. Lakin bu proses qapalı deyildi. Bu isə təəccüb doğururdu...

Baş verənləri digərlərindən fərqləndirən bir başqa cəhət də dustağın gətirilməsi prosesi idi. Adətən dustaqlar konvoyların müşayiəti ilə gətirilir. “Rövşən Lənkəranski”ni isə konvoylardan əlavə öz yaxın adamlarının müşayiəti ilə gətirirdilər. Adamlar da nə adamlar - cüssəli, zəhmli. Lənkəran ləhcəsində danışırdılar. “Lənkəranski”ni zala verəndən sonra arxasınca adəti üzrə biz jurnalistlər də zala daxil olduq. Zala daxil olanda əlimdə tutduğum dəftəri paltomun cibinə salaraq gizlətdim. Ürəyimə dammışdı ki, nəsə mən bu zalda “persona non qrata”yam. Ona görə də, keçib bir kənarda sakit-sakit oturdum. “Rövşən Lənkəranski”nin adamları da zalda idilər. Onlar hər tərəfə göz gəzdirirdilər. Gördüm onun adamlarından bir nəfəri məhkəmə konvoyuna jurnalistləri prosesə buraxmamaq barədə nəsə deyir. Konvoy da həmin adamlara “siz narahat olmayın. Quş quşluğu ilə bizim əlimizdən qaça bilməz” deyib, üzünü mənə çevirib “aha tutdum” dedi: “Nə sakitcə gizlənibsən...” Özümü eşitməzliyə vurdum, alınmadı. Konvoy mənə yaxınlaşıb dedi ki, bu prosesə kənar adamlar buraxılmır. Konvoya dedim ki, mən kənar adam deyiləm.

- Necə yəni, sən jurnalist deyilsən? Mən səni çox gözəl tanıyıram. Boş yerə özünü yorma. Bu prosesə kənar adam buraxmayacağıq.

Açığı, özümü yorub konvoya demədim ki, “Niyə, bu ki qapalı proses deyil. Qanunda da belə şey yoxdur. Ancaq qapalı proseslərə kənar şəxslər buraxılmır”. Çünki bilirdim ki, konvoy mənim sualıma cavab verə bilməz. Onunku ancaq dustaq aparıb gətirməkdi.
Nə isə. Məni zaldan çıxartdılar. O cümlədən bütün digər “kənar şəxsləri”.

“O elə-belə dustaq deyil ha...”

Cənab “Lənkəranski”nin işi gedən zalla yanaşı olan zalda isə beynəlxalq terrorçu şəbəkə ilə əlaqədar olan 31 Azərbaycan vətəndaşının cinayət işi gedirdi. Adətən 31 nəfərin işi gedən günlər məhkəmədə təhlükəsizlik tədbirləri gücləndirilir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları məhkəmə koridorlarında təhlükəsizlik tədbirləri görürlər. Bu proses gedən günlər koridorda hara gedirdin MTN-in əməkdaşlarını görürdün.

Lakin bu gün gördüklərim məni daha da təəccübləndirdi. Düzdür, bu gün də hara gedirdim MTN-in əməkdaşların görürdüm. Amma belə demək mümkünsə, “Rövşən Lənkəranski”nin adamları onları keçmişdilər. Hansı tərəfə çəkilirdin onlar görünürdü.

Mən çox filmlərə baxmışam, kriminal aləmlə bağlı materialları oxumuşam. Kriminal aləmdəkilərin çoxlarının da şəkillərini görmüşəm. Amma yaxından və beləsini heç vaxt görməmişdim. Sözün əsl mənasında filmlərdə olan yaraşıqlı avtoritetlərə oxşayırdı - 178 santimetr boyunda, idmançı görünüşlü, saçı az qala çiyninə çatmış çox yaraşıqlı bir gənc.

Onu gətirəndə hamının ağzında “avtoritet Rövşəni gətirirlər” ifadəsi səslənirdi. Konvoylardan biri “bilirsiz, o kimdir. O, elə belə dustaq deyil ha” deyirdi.

Proses təxminən 1 saat çəkdi. Biz prosesi bağlı qapılar arxasından “izlədik”. Proses bitəndən sonra da həmin səhnə təkrarlandı. Eynilə həmin xüsusi təhlükəsizlik tədbirləri...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4069
avatar

Fərid Əkbərov

Oxşar yazılar