Daxili İşlər Nazirliyi Bakıda qeydə alınmış bıçaqlanma hadisələri ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Mərahim Əliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Məhəmməd İbrahimov tutulub.
Bundan başqa, oktyabrın 7-də Sabunçu rayonunun Ramana qəsəbəsindən qəsəbə sakini Yavər Ağayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramid Abdullayev tutulub.
Daha bir bıçaqlanma hadisəsi isə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Saatlı rayon sakini İsmət Ziyadov münaqişə zəminində qəsəbə sakinləri Fərman Nəcəfova və Nicat Ramazanova bıçaqla xəsarət yetirib. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Ziyadov tutulub.