Bu gün Daxili İşlər Nazirliyi Bakıda kriminal avtoritetin saxlanılması ilə bağlı məlumat yayıb. Lent.az-ın əldə etdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılan Masallı rayon sakini Rafiq Eyvazov oğru aləmində “Masallı Rafiq” adı ilə tanınır. Məlumata görə, paytaxtda saxlanılan şəxs bir müddət əvvəl qətlə eytirilmiş məşhur qanuni oğru Ded Xasanın qruplaşmasının üzvü olub. Bildirilir ki, Rövşən Lənkəranski ilə münaqişədə olan Ded Xasan “oğru” adı almaq istəyən bir qrup azərbaycanlını tərəfinə çəkib və onlara ad verib. "Masallı Rafiq" də həmin şəxslərdən olub. Ded Xasanın tərəfində olmuş "oğrular"dan "Novxanılı Dadaş", "Sumqayıtlı Arif", "Gürcüstanlı Vaqif", "Qoca", "Yasamallı Yunus" və başqalarının adı tez-tez hallandırılır.
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyini yaydığı məlumatda bildirilir ki, cinayətkar aləmdə "kriminal avtoritet" kimi tanınan Rafiq Eyvazov martın 27-də paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb. Üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Rafiq Eyvazovun cinayətkar əlaqələrinin və qanunsuz olaraq əldə etdiyi odlu silahın mənbəyinin müəyyən olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.