Bakı şəhər Baş Polis İdarəsi bu gün paytaxtda baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən Lent.az-a daxil olan məlumata görə, fevralın 6-da saat 04.00 radələrində Səməd Vurğun bağının qarşısında 3 nəfər naməlum şəxs Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Əliquliyev Əbülfəz Əlövsət oğlunun idarə etdiyi «Mersedes» markalı 99 DF 130 dövlət nömrə-nişanlı avtomaşına minib Hövsan qəsəbəsi Qum adasına getmək istədiklərini bildirib. Qum adasında naməlum şəxslər maşını saxlayıb, sürücü Ə.Əliquliyevə bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər yetirərək avtomaşını əlindən alıb. Zərərçəkmiş Kliniki Tibbi Mərkəzə müraciət edib, mərkəzdən Suraxanı RPİ 30-cu PB-yə məlumat verilib. Polis Bakının bütün rayonlarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib. Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları quldurluqda şübhəli bilinən şəxsləri avtomobilə birlikdə Bakıxanov qəsəbəsi ərazisində «isti izlər»lə yaxalamağa müvəffəq olub. Saxlanılan şəxslər Bakı şəhər sakinləri Fərid Əliyev, Ramin Rəhimov və Aysel Mustafayevadır.
Hazırda Suraxanı RPİ-də AR CM-nin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi qaldırılmışdır, istintaq hərəkətləri davam etdirilir.