Qazax rayonunda dəhşətli cinayət törədilib. Lent.az-ın məlumatına görə, Ağköynək kənd sakini 48 yaşlı M.K martın 14-də şikayət ərizəsi ilə rayon Polis Şöbəsinə müraciət edib. O bildirib ki, həmin gün saat 20 radələrində 11 yaşlı oğlu K.K kənd sakini 1982-ci il təvəllüdlü Ə.V tərəfindən zorlanıb.
Məlumata görə, Ə.V azyaşlı oğlanı aldadaraq, yaşadığı mənzilə aparıb. Burada o, 11 yaşlı uşağı döyüb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Evə qayıtdıqdan sonra yaxınları K.K-nın üzərində müxtəlif dərəcəli bədən xəsarətləri aşkarlayıblar. Azyaşlı oğlana tibbi yardım göstərilib.
Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi araşdırmalar aparılıb. İlkin olaraq, seksual xarakterli zorakılığa məruz qalmış uşağın valideynlərinin dedikləri təsdiqini tapıb. Fakta görə, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, günahı sübuta yetiriləcəyi təqdirdə Ə.V-ni 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.