Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Ramizqızına məxsus salonun stilistlərinin erməni Georgi Kotdan ustad dərsləri alması sosial şəbəkələrdə böyük müzakirə mövzusuna çevirilib. Lent.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, bu açıqlamanı isə ilk dəfə stilist Anar Ağakişiyev maqazin verilişlərində səsləndirib. O, həmçinin Şəfəq Ramizqızının bütün işlərini ermənilərdən “kopya”ladığını iddia edib.
Vəziyyət elə həddə gəlib çatıb ki, stilistlər arasında yaşanan qalmaqal müğənnilərin yanında toya getməli olub.
Əslində qalmaqalların əsas səbəblərindən biri pul, yəni müştəridir. Məlumata görə, tanınmış vizajist və stilistlər bir toy üçün gəlinlərdən 300 manatdan başlayaraq, hətta 1000-1500 manata qədər pul alırlar. Nəzərə alaq ki, tanınmış stilistlər gündə bir gəlinlə kifayətlənmir. Elə bir neçə gün əvvəl məşhur salonların birində 16 gəlinin bəzəndiyinin şahidi olduq.
Stilistlər son illər dəbdəbəli həyatları, bahalı avtomobilləri ilə sanki "biz də bu meydanda varıq" deyib özlərini təqdim etdilər. Məlum oldu ki, onlar müğənnilərdən heç də az qazanmır, nə olsun ki, heç kim onların pulunu saymır.
Onların qazancları və qalmaqalları, elə də böyük müzakirə edilmir. Azərbaycan reallığında ən gəlirli peşələrdən biri vizajistlik, ən çox qazananlar arasında isə stilistlərdir.
Məşhur stilistlər (vizajist) gəlinləri neçəyə bəzəyir?
Stilist Anar Ağakişiyev toyun əsas qəhrəmanını 600-700 AZN-ə bəzəyir.
Stilist-vizajist Tünzalə Kərimova sahib olduğu gözəllik salonundan bildirilib ki, bir gəlinin vizajı və saç düzümü 300 AZN təşkil edir.
Tanınmış stilist Elnur Həsənov isə gəlinin vizajı və saçı üçün 700 manat tələb edir.
Məşhur saç ustası Doğukan Tanrısevər isə bildirib ki, tək gəlinin saçlarını yığaq 250 manat təşkil edir:
“Bu qiymət prosesin salonda baş tutması ilə əlaqədardır. Əgər bəzəmək üçün evə dəvət olunacaqsa, qiymətdə dəyişiklik olur, 1000-1500 manat arası başa gəlir”.
Vizajistlər (stilist) necə məşhur olur?
Vizajist və stilistlərin məşhur olmağı üçün asan bir üsul mövcuddur. Onların sosial şəbəkədə səhifə açmağı və müğənnilərdən birinə çıxış əldə etməsi vizajistin ulduzunun parlamasına gətirib çıxarır. Hər gün o, istaqramda çox izləyicisi olan məşhuru başdan ayağa yaradır, tanınmış sima isə həmin şəxsin reklamını etməklə ona müştəri və pul qazandırır.
Bu məşhurluq onların qiymət artımına da təsir edir, ucuz qiymətə müştəri qəbul etməyi özlərini sığışdırmırlar. Bir az da tanınmış olduqdan sonra müğənnilərə tələb qoymaya başlayırlar. Tanınmış simanın yalnız vizaj və saç işləri üçün ona müraciət etməsini istəyirlər. Bunu qəbul edən məşhur da var, bu tələbə etiraz edəndə...
Bəs günə 3-4 min qazanan vizajistlər vergi verir?
Sayt məsələ ilə Vergilər Nazirliyinə də sorğu göndərib.
Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə görə muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin, 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur:
“Stilist və vizajist fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu fəaliyyət üzrə həm fərdi sahibkar kimi, həm də digər vergi ödəyicisinə məxsus gözəllik salonunda əmək müqaviləsi bağlamaqla işçi kimi fəaliyyət göstərə bilər. Fərdi sahibkar kimi fəaliyyət göstərən stilist (vizajist) vergi orqanında qeydiyyata alınmaqla bu fəaliyyətdən əldə etdiyi gəlirdən seçdiyi vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi və ya gəlir vergisi) Vergi Məcəlləsi ilə müəyyən olunmuş müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Sadələşdirilmiş vergitutma metdonu seçən fərdi sahibkar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirin (hasilatın) həcmindən (hər hansı xərc çıxılmadan) Bakı şəhərində 4 faiz, respublikanın digər regionlarında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir. Gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir.
Həmin şəxslər digər vergi ödəyicisinə məxsus gözəllik salonunda əmək müqaviləsi bağlamaqla işçi kimi fəaliyyət göstərdiyi halda isə, işəgötürən tərəfindən onlara aparılan ödənişlərdən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir. Vergi Məcəlləsinin 101.1-ci maddəsinə görə muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur”.