Azərbaycanda gənc qızın müəmmalı ölümündən sonra aparılmış araşdırmalar dəhşətli məqamları üzə çıxarıb. Lent.az-ın məlumatına görə, Tərtər rayon Polis Şöbəsinə rayonun Qapanlı kənd sakini Şəbnəm Dünyamalıyevanın Bakıda öldükdən sonra həmin kəndə dəfn edilməsi barədə məlumat daxil olub. İlkin məlumatda bildirilib ki, gənc qız atası Nemət və qardaşı Vasif tərəfindən uzun müddət zorakılığa məruz qalıb, ona işgəncələr verilib. Bu səbəbdən də Ş.Dünyamalıyeva dərman içərək intihar edib.
Əməliyyat məlumatı daxil olan kimi araşdırmalara başlanılıb. Ş.Dünyamalıyevanın tez-tələsik dəfn edilmiş nəşi eksqumasiya edilib. Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri və kəsici alətlə yetirilmiş xəsarətlər aşkarlanıb.
Faktla əlaqədar cinayət işi başlanılıb. Hazırda Qapanlı kənd sakininin hansı şəraitdə ölməsi, öldürülməsi və ya intihar etməsi və digər suallar ətrafında zəruri istintaq tədbirləri aparılır.