Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə saxta diplomlardan danışıb. Lent.az-ın məlumatına görə, “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında TQDK sədri bildirib ki, “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminə 1992-2014-cü illər ərzində 2 milyon 460 min 557 şəxs haqqında məlumat daxil olub.
TQDK sədrinin sözlərinə görə, saxta diplomlar magistratura və ya diplomdan sonrakı digər qəbul imtahanlarda iştirak etmək üçün sənəd verildikdə aşkar olunub.
2014-cü il ərzində komissiyaya müxtəlif qurumlardan daxil olan sorğularda 4900 insan haqqında məlumat istənilib: “Onlardan 1500 nəfərin TQDK tərəfindən heç bir yerə qəbul olunmaması aşkar olunub. Bu il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim tərəfimizdən heç yerə qəbul olunmayıblar. Bu il magistraturaya və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDK tərəfindən heç bir yerə qəbul olunmayıb. Onlar müxtəlif yollarla – daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsi ilə ali məktəblərdə təhsil alıblar. Buna əlavə şərh vermək istəmirəm. Amma onu da qeyd etmək istəyirəm ki, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Onların diplomları Təhsil Nazirliyi tərəfindən verilməyib”.