Məktəbdə yaşayan ailənin faciəsi: <span style="color:red;">18 yaşlı qız öldü, atası həbsxanaya qayıtdı
04 dekabr 2016 14:39 (UTC +04:00)

Məktəbdə yaşayan ailənin faciəsi: 18 yaşlı qız öldü, atası həbsxanaya qayıtdı

4 gün əvvəl Salyan rayonunun Xurşud kənd sakini, 18 yaşlı Fərqanə Əsədovanı qətlə yetirən atası Rauf Əsədov 2-ci qrup Qarabağ əlili imiş.

 

Lent.az xəbər verir ki, bu barədə virtualaz.org saytının Şirvan bürosuna məlumatı mərhum qızın yas yerində əmisi Babək Əsədov verib. B.Əsədov deyib ki, qardaşı, 1975-ci il təvəllüdlü Rauf orta məktəbdə əlaçı şagird olub. Amma sonralar təhsilini davam etdirməyib, sürücü-mexanik peşəsinə yiyələnib. Kənd təsərrüfatı texnikalarının təmiri üzrə ən yaxşı ustalardan sayılırmış.

 

Ailə həyatı qurub. Kiçiyi 10, böyüyü 20 yaşında olan 5 uşaq atası olub. Evləri olmadığından kənddəki istifadəsiz köhnə məktəb binası məskunlaşmaq üçün onlara verilibmiş. Elə qətl hadisəsi də burada baş verib.

 

Rauf Əsədov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərin birində ağır yaralanaraq 2-ci qrup əlil olub. Elə o vaxtdan da əsəb sarsıntısı keçirdiyindən psixolji problemləri yaranıb, içkiyə və narkotikə qurşanıb. Nəticədə iki dəfəyə 10 ildən yuxarı məhkumluq həyatı yaşayıb. Bir dəfə dava-dalaş , bir dəfə isə narkotikə görə cəza çəkib.

 

Qardaşı deyir ki, Rauf bəzən bir həftə düzəlib “ağıllı-başlı “ adam olurdu, sonra yenə aqressiv duruma düşürdü və səbəbsiz yerə dava-dalaş salırdı. Bir ay əvvəl-dörd il yarım həbs çəkəndən sonra azadlığa çıxıbmış.

 

Həbsdən qayıdan Rauf həyat yoldaşını döyüb-söyərək incitdiyindən qadın atası evinə gedibmiş. Ailədə hələ Raufun həbsindən əvvəl də münaqişə yaşanırmış və hətta Əsədovlar ailəsi münaqişəli ailə kimi polisdə qeydiyyatda imiş. Belə ki, bir neçə gün əvvəl Rauf qızı Fərqanənin üzərinə qaynar çaydan ataraq xəsarət yetirdiyinə görə polisdə araşdırma aparılırmış. Hadisədən 1 gün əvvəl isə atası Fərqanəni rayon mərkəzinə apararaq onun üçün xeyli əyin-baş alıb. Amma evə qayıdan axşamı bıçaqla vuraraq əvvəlcə yaralayıb, bir qədər keçdikdən sonra isə yaralı qızı 2-ci bıçaq zərbəsi ilə ürəyindən vuraraq qətlə yetirib.

 

Deyilənə görə, Rauf həmin axşam 2 şüşə araq içibmiş...Qızını öldürən sərxoş ata gecə saat 3 radələrində ağlaya-ağlaya oğlu, 17 yaşlı Əkbəri yuxudan oyadıb ki, “Fərqanəni qətlə yetirmişəm”.

 

Əkbər isə, atası həbsxanadan yenicə çıxdığından, polisə gəlib və qətli üzərinə götürüb. Amma hüquq-mühafizə orqanlarının apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində Rauf Əsədov qızını sinə nahiyəsindən 2 dəfə bıçaqla vuraraq qətlə yetirdiyini etiraf edib.

 

*****

 

2 dekabr

 

Dünən Salyan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, günorta saatlarında rayonun Xurşud kəndində 18 yaşlı Fərqanə Əsədovanın qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. İlkin olaraq bildirilib ki, evdə gənc qızın qan içində meyiti tapılıb. Aparılan ilkin araşdırmalarla məlum olub ki, qız qətlə yetirilib və ilk olaraq qızın kiçik qardaşı bacısını öldürdüyünü deyib. Lakin sonradan qanlı cinayətin Fərqanənin atası, 1975-ci il təvəllüdlü Əsədov Rauf Əsədxan oğlu tərəfindən törədilməsi müəyyənləşib.

 

Bildirilir ki, Əsədovlar ailəsində bir müddət imiş ki, problemlər yaşanırmış. Bir neçə gün əvvəl evin xanımı həyat yoldaşı ilə dalaşaraq evi tərk edib. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib və dünən qızı ilə mübahisə edən 41 yaşlı kişi ona bir bıçaq zərbəsi endirərək öldürüb.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. 

 

 

*****

 

1 dekabr

 

Bu gün Salyan rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, rayonun Xurşud kəndindəki fərdi yaşayış evində 1998-ci il təvəllüdlü Hüseynova Fərqanə Rauf qızının meyiti tapılıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

 

İlkin məlumatda 18 yaşlı qızı qardaşı, 1999-cu il təvəllüdlü Əkbər Əsədov tərəfindən bıçaqlandığı bildirilirdi. Ə.Əsədov saxlanılmışdı.

 

Sonrakı araşdırmalar nəticəsində F.Əsədovanın atası tərəfindən öldürüldüyü müəyyən edilib və Rauf Əsədov da saxlanılıb.

 

Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinyət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi iləcinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389

Oxşar yazılar