Baki Apelyasiya Məhkəməsində Bakı şəhər sakinləri Ənvər Həsənovun, Qulam Şücainin və Füzuli rayon sakini Pərviz cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, 2013-cü ilin oktyabr ayının 18-ə keçən gecə təxminən saat 3 radələrində, Binəqədi rayonu, Naxçıvani küçəsi, 13 ünvanındakı “Magic Club” çay evinin icarədarı Ənvər Həsənov ora müştəri qismində gələn Səttar Məmmədzadəylə aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb. Fakta görə həmin tarixdə Binəqədi rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb. Səhəri gün Ənvər Həsənov Pərviz Ağayev və Qulam Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.
İstintaqla müəyyən edilib ki, Ənvər Həsənov hadisə baş verən gün dostu Pərviz Ağayevlə şərik işlətdikləri çay evində olarkən Səttar Məmmədzadə ilə Ceyhun İdrisov ora gəliblər. Masa arxasında dostlar öz aralarında söhbət edərkən orada olan Ənvərlə Pərvizin tanışı Qulam Şücai onların “Vorovski” qəsəbəsində yaşadığını bilib. Qulam söhbətə müdaxilə edərək həmin qəsəbədə yaşamış cinayətkar aləmlə əlaqələri olan bir neçə şəxsi tanıyıb-tanımadıqlarını soruşub. Səttarla Ceyhun belə adamlar tanımadıqlarını deyiblər. Qulam həmin şəxsləri tanımamalarını Səttarla Ceyhuna irad tutub və “һəmin qardaşları tanımayanlar özlərini tanımır, deməli, yaxşı oğlanlar deyilsiniz” bildirib. Bununla bağlı gənclərin aralarında mübahisə yaranıb. Şücainin söylədiklərini masaya yaxınlaşan Pərvizlə Ənvər də təsdiqləyiblər. Qulam xuliqanlıq hərəkətlərini davam edərək, mübahisəni aydınlaşdırmaq üçün çay evinin ikinci kabinetinə keçməyi təklif edib. Ora yollanarkən, ümumi zalın çıxışında Pərviz qəflətən Səttarın çənəsindən yumruqla vuraraq ona xəsarət yetirib, sonra isə cibindən çıxardığı bıçaqla Məmmədzadəyə
9 zərbə endirib. Yaralını Ceyhunla Pərviz "Mercedes" markalı avtomaşınla Kliniki Tibbi mərkəzə çatdırsalar dada, onun həyatını xilas etmək mümkün olmayıb. Səhəri gün Ənvərlə Qulam Binəqədi RPİ və 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Xəzər rayonun Buzovna qəsəbəsində Arif Cəfərov soyadlı tanışlarının evində saxlanılıblar.
Məhkəmə prosesində Ənvər Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib, diqər şəxslər isə özlərini təqsirli hesab etməyiblər.
Ənvər Həsənov bildirib ki, Səttara 9 bıçaq zərbəsi vurduğunu prokurorluqda olarkən bilib, Məmmədzadə çay evindən çıxanda ünvanına söyüş söydüyündən və həmin vaxt içkili olduğundan onu vurub, lakin öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, baş vermiş hadisə onun mərkəzi sinir sistemində olan əsəb problemi ilə əlaqədar olub. İt saxladığı və onun təlimi ilə məşğul olduğu üçün həmişə bıçaq üstündə olub.
Pərviz Ağayevun sözlərinə görə, hadisədən sonra o, yalnız Ənvərdə bıçaq görüb, başqa heç kimdə kəsici alət və ya digər predmet olmayıb. Həsənovun bıçağı haradan götürməsi barədə məlumatı da yox imiş. Özü hadisə vaxtı heç kimə xəsarət yetirməyib.
Qulam Şücai bildirib ki, evə gec getdiyi üçün özünü müdafiə məqsədi ilə həmişə bıçaq gəzdirib, hadisə vaxtı şalvarının bel hissəsində bıçaq olsa da, onu çıxarmayıb və Səttarı vurmayıb.
Zərərçəkən Fərəməz Məmmədov ifadəsində göstərib ki, oğlu Səttar 2008-ci ildə Türkiyənin Sabançı Universitetinə daxil olub, 2 ildən sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülüb. Bir sıra Avropa ölkələrində kurslarda olub. 2013-cü il oktyabrın 18-də Almaniyada olan zaman qardaşı Qalib Məmmədov zəng vuraraq Səttarın xəstəxanaya yerləşdirildiyini və təcili Bakıya gəlmək lazım olduğunu bildirib. Bakıya çatanda qardaşı Masallı rayonuna gəlməyi deyəndə Səttarın öldüyünü başa düşüb, yas mərasimində oğlunun "Magic club" çay evində Ənvər adlı şəxs tərəfindən öldürüldüyünü eşidib.
Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə ilə Ənvər Həsənov, Qulam Şücai 15 il və Pərviz Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. Hökmdən narazı qalan şəxslər apelyasiya şikayətləri veriblər.
Bakı Apelyasiya məhkəməsində cinayət işinin baxışı başlayan gün ilkin qərardan Ali Məhkəməyə kassasiya şıkayəti verildiyi üçün proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Ali Məhkəmə təqsirləndirilən şəxslərin şikayətlərini təmin etməyib və bu ilin avqust ayında işi baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.
Bakı Apelyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.K