Futbol üzrə Topaz Premyer Liqasında XVI turdan təxirə salınmış oyunda “Bakı” Tovuzun “Turan” komandasını darmadağın edib. Lent.az-ın məlumatına görə, ev sahibi qismində çıxış edən “Turan” paytaxt təmsilçisi ilə Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da üz-üzə gəlib.
Səbəb kimi Tovuz şəhər stadionunun ot örtüyünün yararsız vəziyyətdə olması göstərilib. Görüş “Bakı”nın qələbəsi ilə yekunlaşıb – 4:0. İlk yarıda “Bakı”nın qazandığı penaltini Aleksandr Şoliç qola çevirə bilməyib. Əvəzində komandanın yeni transferi Marius Pena 43-cü dəqiqədə hesabı açıb. Qalan 3 qol fasilədən sonra vurulub. 62-ci dəqiqədə Elvin Məmmədov fərqi artırıb. Bundan 6 dəqiqə sonra Şoliç fərqlənməyi bacarıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Nurlan Novruzov qoyub.
Bu qələbə sayəsində “Bakı” xallarını 23-ə çatdırıb və 8-ci pilləyə yüksəlib. Paytaxt təmsilçisi ilk “6-lıq” ümidlərini artırıb. 20 xalı olan “Turan” isə ardıcıl 3-cü məğlubiyyətdən sonra 10-cu pilləyə enib.