Analığına qarşı dələduzluq etməkdə təqsirləndirilən Nazim Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Nazim Zülfüqarov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə şərti cəza verilib.
N.Zülfüqarovun sənədlərin saxtalaşdırılması ilə bağlı ittihamına isə bəraət verilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, cinayət işi materiallarında yazılır ki, N.Zülfüqarov analığı, Bakı şəhər sakini Gülrux Əliyevanın külli miqdarda pulunu ələ keçirib. Belə ki, G.Əliyeva pulunu banka qoymaq üçün N.Zülfüqarova verib. Banka qoyulan pullar G.Əliyevanın xəbəri olmadan ələ keçirilib.
G.Əliyeva ümumilikdə 340 min dollar zərər gördüyünü qeyd edir.