Hərbi prokuror Xanlar Vəliyev və Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda Şahmar Vəliyevin sürücüsü Fərrux Əsgərov ifadə verib.
Şahid deyib ki, təqsirləndirilən şəxs Şahmar Vəliyevdən 30 min dollar pulu onun yanında alıb: "Şahmar Vəliyevin sürücüsü işləyirəm. Cəfər Əliyev ona zəng edib İrandan polietilen borular gətirib satmaq üçün 30 min dollar pul istədi. Bir neçə gün sonra Şahmar müəllim həmin məbləği ona təqdim etdi. Dediyinə görə, 30 min dollar İrandan gətiriləcək malın daşınmasına və gömrük xərclərinə sərf olunacaq. Bundan sonrakı müddətdə isə Şahmar Vəliyevdən nə qədər pul almasından xəbərsizəm".
Proses iyulun 1-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır. Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.