Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etməkdə təqsirləndirilən Vahid Xələfovun məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, hakim Azad Məcidovun icraatına verilən prosesə baxış iclası keçirilib.
Təqsirləndirilən şəxs Vahid Xələfov dövlət tərəfindən təyin olunan vəkildən imtina etdiyini bildirib. O qeyd edib ki, bundan sonra Osman Kazımov tərəfindən müdafiə olunmasını istəyib.
Vəkil Osman Kazımov məhkəmə materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası avqustun 11-ə təyin edildi.
Qeyd edək ki, Xələfov Vahid Əlisafa adlı şəxs Hikmət Xəlilovdan xüsusi külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb.
Vahid Xələfov barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkən şəxs qismində tanınan Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiridir. Cinayət işi üzrə tələb olunan pulun 4 milyon 600 min manatdan çox olduğu bildirilir.