"Türkiyədə yeni yanğınlar baş verməsə, digərləri qısa zamanda söndürüləcək".
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini qeyd edib ki, yanğınların ən güclü vaxtında Azərbaycan yanğınsöndürənləri ümumilikdə 14 rayonda fəaliyyət göstərib: "Strateji əhəmiyyətə malik olan Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyaları yaxınlığında, eləcə də Muğla vilayətinin Köyceğiz, Milas, Kavaklıdere, Marmaris və digər yaşayış məntəqələrində meşə yanğınlarının söndürülməsi üçün fədakarlıqla mübarizə aparıblar. Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının qorunması üçün Azərbaycan yanğınsöndürənlərinin də iştirakı ilə mühafizə zolağı yaradılıb. Yeni yanğınlar baş verməsə digər yanğınlar qısa zamanda söndürüləcək”.
E.Mirzəyev bildirib ki, hazırda Türkiyədə FHN-nin 743 əməkdaşı fəaliyyət göstərir: “Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub".