Rusiyanın paytaxtı Moskvada rəzalətli hadisə baş verib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, şəhər sakini Yelena Paşkeviçin 4 yaşlı xərçəng xəstəsi olan oğlunun adına yığılmış pul onun bank kartından oğurlanıb.
Toplanan məbləğ 500 min rubl (təxminən 12 min manat) edib.
Məlumata görə, pulun oğurlandığı gün uşağın 40 dərəcə qızdırması olub. Buna görə də Paşkeviç tamamilə ona baxmaqla məşğul imiş. Bu zaman fırıldaqçılar qadına zəng edib və özlərini bank işçisi kimi təqdim edərək, kiminsə onun adına kredit götürməyə çalışdığını bildiriblər. Sonra Yelenadan SMS vasitəsilə aldığı kodu deməyə xahiş ediblər. Qadın bütün şərtləri yerinə yetirdikdən sonra bank kartından pulun silindiyini və aldadıldığını başa düşüb.
Zərərçəkmiş artıq polisə müraciət edib və cinayət işi açılıb.