Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində küllü miqdarda tiryək və qurudulmuş marixuana dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 51 yaşlı Elman Ağayev saxlanılıb. E.Ağayevin üzərinə və çalışdığı avtoyuma məntəqəsinə keçirilən baxış zamanı məntəqədən təmiz çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
E.Agayev istintaqa narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün məntəqədə gizlətdiyini etiraf edib.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olan və həmçinin narkotik tərkibli çətənə bitkisini aqrotexniki qaydalara uyğun əkib- becərməkdə şübhəli bilinən rayonun Arbatan kənd sakini, 54 yaşlı Vilayət Qədirov saxlanılıb.
Ona məxsus kənd ərazisində yerləşən fərdi yaşayış evinə baxış zamanı oradan təmiz çəkisi 15 kiloqramdan artıq olan 3 kisə qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 9 ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
V.Qədirov istintaqa narkotik tərkibli bitkilərin aqrotexniki qaydalara uyğun yetişdirilməsi ilə məşğul olduğunu və rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyini etiraf edib.
Hər iki şəxs barəsində Salyan RPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırma aparılır.