Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşları qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində birgə tədbir keçiriblər.
Bu zaman Milli Parkın ərazisində çöl donuzu ovlayan Masallı rayon sakini Fuad Nəsrullayev saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 2 ədəd çöl donuzu və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.