Yəməndə vətəndaş müharibəsinin yaratdığı humanitar böhran idarəolunmaz həddə çatıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əhalinin yarıdan çoxunun kəskin ərzaq çatışmazlığından əziyyət çəkdiyi ölkədə təcili müdaxilə olmasa, ümummilli qıtlıq qaçılmaz olacaq. Beynəlxalq ekspertlər və yerli hakimiyyət orqanları ilə birgə hazırlanan hesabata görə, ən azı bir milyon yəmənli böhran şəraitində sağ qalmaq üçün mübarizə aparır.
Müharibənin başlaması ilə husilər əvvəlcə böyük şəhərləri ələ keçirərək bu bölgələrdə Yəmən ordusunu dağıdıblar. Səudiyyə Ərəbistanının rəhbərliyi altında qurulan koalisiya husilərin irəliləyişini dayandırıb, lakin bu, onların geri çəkilməsinə kifayət etməyib. 1990-cı ildə qurulan husilər hazırda ölkənin şimalındakı bəzi şəhərlərə, o cümlədən paytaxt Sənaya nəzarət edirlər.
Paytaxt Sənadan 1600 kilometr uzaqlıqda İsraili vura biləcək ballistik raketlər və silahlı pilotsuz uçuş aparatları olan husilər İsraillə Həmas arasında müharibə başlayandan bəri Qırmızı dənizdə beynəlxalq ticarətin də qarşısını alıblar. ABŞ-ın yaratdığı koalisiya regionda təhlükəsizliyi bərpa etməyə çalışır.
Müharibənin törətdiyi fəsadlar nəticəsində ölkədə həyatını itirənlərin dəqiq sayını müəyyən etmək çətindir. Yəməndəki yardım işçiləri ölkənin səhiyyə müəssisələrinin yarısının işləmədiyini və əhalinin əksəriyyətinin bu xidmətlərdən yararlana bilməyəcək qədər yoxsul olduğunu deyirlər.
Xəbərə görə, Yəmənin Ədən şəhərində 7 yaşlı qızın yemək üçün üzərinə çıxmaq istədiyi zibil qabı onun üstünə düşüb. Konteynerin altında qalan uşağın öldüyü bildirilir. Hadisə yerinə gələn polis uşağın cansız cəsədini konteynerin altından çıxararaq ailəsinə təhvil verib.