Qax rayonunun Fıstıqlı kəndində bir gecədə iki mağazadan oğurluq edilməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, gecə saatlarında obyektlərə daxil olan naməlum şəxs kassalarda olan ümumilikdə 2 min manata yaxın pulu, danışıq kartlarını, siqaretləri və “nisyə dəftər”lərini oğurlayıb.
Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Tofiq Mirzəyev saxlanılıb.
Saxlanılan şəxs ifadəsində əməli törətdikdən sonra paytaxta getdiyini, əldə etdiyi pulları əyləncə mərkəzlərində xərclədiyini bildirib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.