Qonşu ölkələrdən olan bir qrup vətəndaş Belarus müəssisələrində istehsal olunan və Rusiyaya qanunsuz gətirilən tütün məmulatlarının Sankt-Peterburqda müntəzəm satışını təşkil ediblər. Cinayətkarlardan külli miqdarda qaçaqmal, nağd pul və avtomobillər götürülüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Departamentindəki həmkarları ilə birlikdə iki Belarus və üç Azərbaycan vətəndaşından ibarət iki qanunsuz qruplaşmanın fəaliyyətini dayandırıb.
“Tütün məmulatları, təxminən 100 milyon rubl, 6 milyon rubl məbləğində nağd pul, mobil telefonlar, iki avtomobil və bir furqon aşkar edilərək götürülüb”, - məlumatda vurğulanır.
Bu fakt əsasında polisin istintaq orqanları Rusiya Cinayət Məcəlləsinin 226.1-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi açıb.
Cinayət törətmiş şəxslər saxlanılaraq istintaqa cəlb edilib. Cinayətkarları 12 ilə qədər həbs gözləyir. Hazırda cinayət işi üzrə bir sıra istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Saxlanılanların soyadları da açıqlanıb: Belarus vətəndaşları Semçenko və Abbasov, həmçinin Azərbaycan vətəndaşları Qənbərov, Məmmədov və Əkbərov.