İsrailin Lod rayon Məhkəməsi 52 yaşlı psixoterapevt Yariv Koeni Təl-Əviv və Even Yehudadakı klinikalarında xəstələrə qarşı bir sıra cinsi cinayətlərdə təqsirli bilib. Hökm çərşənbə axşamı, iyulun 23-də elan edilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, istintaq 2022-ci ilin noyabrında Koenin klinikalarından birində müalicə alan qadının şikayətindən sonra başlayıb. O, terapevtin ona təcavüz etdiyini və seksual hərəkətlər etdiyini iddia edib. Həkim isə ona hərəkətlərinin müalicə prosesinin bir hissəsi olduğunu deyib.
Yariv Koen etiraf edib ki, 2017-ci ildən 2022-ci ilə qədər o, xəstələrlə söhbətlər və fiziki təmasların daxil olduğu “bədən terapiyası” ilə məşğul olub. Seanslar zamanı üç qadına cinsi zorakılıq hərəkətləri edib.
2022-ci ilin dekabrında Koenə qarşı irəli sürülən ittiham aktında bildirilir ki, o, qadınların etibarını qazanıb və onlarla sekslə bağlı mövzularda söhbətlər aparıb. O, cinsi təcrübələrini və digər xəstələrdən aldığı məlumatları bölüşüb.
"Bədən terapiyası" seansları zamanı Koen kömək istəyən qadınların zəifliyindən istifadə edərək, onları inandırıb ki, etdiyi seksual hərəkətlər müalicənin bir hissəsidir. O, xəstələrdən alt paltarlarına qədər soyunmalarını, çarpayıya uzanmalarını və mələfə ilə örtülmələrini tələb edib. Soyunmaq istəməyənlərə deyib ki, artıq geyim təmasa mane olur və terapiyanın effektivliyini azaldır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları belə nəticəyə gəliblər ki, Koen intim əlaqə üçün xəstələrdən əvvəlcədən razılıq almayıb və bu əlaqənin müalicənin uğuruna necə təsir etdiyini izah etməyib.
İlkin ittiham aktında səkkiz zərərçəkən olub. Sənədə sonradan yeni şikayətlər nəzərə alınmaqla düzəlişlər edilib. Son versiyada Koenin hərəkətlərindən 10 qadının əziyyət çəkdiyi bildirilir.
Prokurorluq terapevtə 15 il həbs cəzası tələb edir. Məhkəmə araşdırması davam edir.