İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***
saat 10:41
Polis əməkdaşını döyən Milli Məclisin deputatı Eldəniz Səlimovla bağlı Baş Prokurorluğa müraciət edildi.
Lent.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) deputatın hərəkətləri ilə bağlı toplanmış materialları Baş Prokurorluğa təqdim edib.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".
“Bizə rəsmi məlumat daxil olmadan Milli Məclisin deputatı barədə müzakirə aça bilmərik. Bunun üçün ya vətəndaş, ya da onun işlədiyi rəsmi qurum tərəfindən məlumat daxil olmalıdır”.
Bu sözləri isə Lent.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib. O bildirib ki, hadisə ilə bağlı komissiyaya da hər hansı müraciət yoxdur:
“Hazırda Milli Məclisdə məzuniyyət dövrüdür. Əgər belə bir hadisənin baş verməsi barədə məlumat daxil olarsa, buna məzuniyyətdən qayıtdıqdan sonra baxacağıq”.
Qeyd edək ki, ötən gün deputatın polis əməkdaşını döyməsi ilə bağlı Lent.az xəbər yayıb.
Hadisə Nabranda baş verib. Polis əməkdaşları Nabranda karantin qaydalarını pozan obyektlərdən birində reyd keçirən zaman obyektin sahibi ilə qohum olan, Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları ilə mübahisə edib. Mübahisə zəminində deputat polis əməkdaşını vurub.