Gömrükçülər daha iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Polşaya dekorativ daş yükü və hamam ləvazimatı aparan, Türkiyə vətəndaşının idarə etdiyi 76AAH601/76AAJ764 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk məlumatı əsasında gömrük baxışı həyata keçirilib
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 51 ədəd duş kabin üçün plastik vanna altlığında xüsusi üsulla gizlədilmiş, ümumi çəkisi 102 kiloqram 740 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisinə tranzit giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə vətəndaşının idarə etdiyi 76AAH493/76AAK425 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2 ədəd duş kabin üçün plastik vanna altlığında gizlədilmiş ümumi çəkisi 4 kiloqram 230 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Oxşar gizlətmə üsulundan istifadə edilməklə törədilmiş hər iki qaçaqmalçılıq əməli üzrə aşkarlanmış narkotik vasitənin ümumi xalis çəkisi 106 kiloqram 970 qram təşkil edib.
Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi başlanılıb.