Düşmənin minası bizi qorxuda bilməz, müalicəmiz bitdikdən sonra yenidən öz işimizə qayıdacağıq.
Lent.az-ın xəbərinə görə, bunu APA-nın əməkdaşına ötən gün Kəlbəcərdə minaya düşən təmir-tikinti işləri ilə məğul olan şirkəti əməkdaşı, Qusar rayon sakini - 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu deyib.
Minaya düşən şəxsin sözlərinə görə, hadisə zamanı traktor minaya düşüb, onlara kömək etməyə gedərkən onun olduğu maşın da partlayıb: "Həmin gün saat 5 olardı, dirək basdırmağa çıxmışdıq. Orda traktor minaya düşdü. Onlara kömək edəndə bizim maşın da düşdü. Mina partlaması nəticəsində təəssüflər olsun ki, bir hərçimiz şəhid old. Mən də ayağımdan qəlpə yarası aldım. 2 aydır həmin ərazidə rabitə işləri ilə məşğul idik. Həmin yolu getməmişdik. Hadisə baş verən vaxtı ora getməli idik. Çünki dirək basdıracaqdıq. Hazırda vəziyyətim yaxşıdır, səhhətimdə hər hansı bir narahatlıq yoxdur” - minaya düşən Sadir Əliyarov deyib.
Digər minaya düşən, traktorun mexanizatoru, 1969-cu il təvəllüdlü Pənahov Rodik Şəmsəddin oğludur. O, əməkaşımıza bildirib ki, sağalan kimi yenidən Kəlbəcərə işləməyə gedəcək: "Biz heç nədən qorxmuruq. Mən sağalmağımı gözləyirəm, yenidən gedib həmin ərazidə öz işimi görəcəm. Ermənilər kim olub ki, biz onlardan qorxaq. Mən bir neçə aydır Kəlbəcərin ərazisində işləyirəm. Birinci dəfədir başıma belə iş gəlib. Çox şükürlər olsun, sağ-salamat qutardım. Sağ olsun Ali Baş Komandan hər zaman Azərbaycan xalqının yanındadır. Bu gündə hər kəs bizə diqqət qayğı göstərir".
Rodik Pənahov deyib ki, düşmənin ərazilərimizi minalanması bizi qorxuda bilməz.
Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan şəxlərinin hazırda vəziyyəti normaldır. Xəsarət alanların həkimi Samir Məhərrəmov bildirib: "Mina partlaması nəticəsində xəstəxanamıza 3 xəstə qəbul olunub. Bu xəstələrdən biri digər xəstəxanaya təxliyə edilib. 2 xəstə hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada müalicələrini davam etdirir. Xəsarət alanlardan Rodik Pənahov sağ ayağının baldır nahiyəsinin orta üçdə birinin sümüklərinin yerdəyişmə sınığı, digər xəstə Sadir Əliyaroun dabanında sümük sınığı var".
Abbas Səhhət adına xəstəxanasının həkimi bildirib ki, xəstələrinin vəziyyəti orta-ağırdır. Onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, dekabrın 14-də, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşüb. Araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.