Rusiyalı milyarder, Alfa Bankın idarə heyətinin keçmiş üzvü Aleksandr Qalitskinin keçmiş həyat yoldaşı Aliya Qalitskaya Moskva vilayətinin İstra şəhərindəki müvəqqəti saxlama yerində intihar edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Prezident yanında İnsan hüquqları üzrə Şuranın üzvü Eva Merkaçeva özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, qadın kamerada tək olub. Hüquq müdafiəçisi müvəqqəti saxlama müəssisəsinə nəzarət edən polisə hadisə ilə bağlı suallar ünvanlayıb. O, həmçinin son iki ildə daha tez-tez həbs edilən əlilliyi olan insanlar, qadınlar, yaşlılar və uşaqlarla bağlı sərtləşdirilmiş siyasətə də toxunub.

Rusiya Federal Penitensiar Xidməti Qalitskayanın istintaq təcridxanasında intihar etməsi ilə bağlı mediada yayılan məlumatları təkzib edib: "Moskva vilayətinin istintaq təcridxanasında intihar hadisəsi baş verməyib".
Bir gün əvvəl Qalitskaya keçmiş ərinə qarşı 150 milyon dollarlıq şantaj işi ilə əlaqədar aprelin 3-dək həbsdə saxlanılıb. Məlumata görə, onun cəsədi bazar günü səhər İstra müvəqqəti saxlama təcridxanasında tapılıb.