Hacıqabulda mağaza qarət olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qızılburun kəndi ərazisində yerləşən mağazaların birindən oğurluq edən şəxs saxlanılıb. Onun Abşeron rayonu Masazır qəsəbə sakini Nihad Verdiyev olduğu müəyyənləşib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, N.Verdiyev noyabr ayının 8-də gecə saatlarında kənd ərazisində yerləşən mağazaya daxil olaraq oradan 2016 manat dəyərində danışıq kartları, spirtli içki və tütün məmulatı, eləcə də 110 manat pul oğurlamaqla zərərçəkənə ümumilikdə 2126 manat maddi ziyan vurub.
Həmin şəxs dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib.
Faktla əlaqədar Hacıqabul rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.