Özünü 12-ci imam kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Azər İslamov dindirilib.
İttihama görə, Azər İslamov da Aqil Babayevin ilahi qüvvəyə sahib olduğuna inanaraq ona səcdə edib.
Zərərçəkmiş şəxs məhkəmədə deyib ki, Aqil Babeyevlə tanış olduqdan sonra dini baxışı dəyişib, onun təsiri ilə namaza başlayıb: “Aqillə tanış olduğum vaxtlar hərbidə işləyirdim. Bununla hər dəfə söhbət edəndə məni namaza dəvət edir, cənnətə düşmək üçün ibadət etməyin vacib olduğunu deyirdi. Bir gün bununla görüşəndən sonra öz işimin arxasınca getdim. Həmin vaxt artıq namaza başlamağa hazırlaşırdım, bu vaxt yanımdan tanımadığım bir leytenant keçdi. Səsləndim ki, leytenant, soyadın nədir? Dedi ki, Namazov. Elə bunu özümə ilk işarət kimi qəbul elədim. Bundan sonra mütəmadi olaraq namaz qılmağa başladım.
Namaza oturan kimi hara baxsam, gözümə Aqil görünürdü. Başımı aşağı salırdım Aqili görürdüm, yuxarı qaldırırdım Aqili görürdüm. İllərlə onun evində işləyib, qulluğunda durmuşam. Məni necə yoldan çıxardısa, xidməti uyğunsuzluğa görə işdən də çıxardılar”.
Zərərçəkmiş şəxs istintaq zamanı ittiham olunan şəxsə xidmətləri barədə geniş ifadə verib. O, əvvəlki ifadəsində müxtəlif vaxtlarda saatlarla Aqil Babayevin ayaqlarını masaj etdiyini, bəzi hallarda masaj edə-edə özünün də yuxuya getdiyini bildirib.
Bu iş üzrə Azər İslamova 7200 manat ziyan dəydiyi iddia olunur. O, həmin pulu ayda 60 manatdan zəkat kimi verdiyini deyib.
Aqil Babayev zərərçəkmiş şəxsin ifadəsinə münasibət bildirərək bütün deyilənlərin yalan olduğunu, Azər İsmayılovun heç vaxt zəkat vermədiyini söyləyib:
“Dediklərinin heç biri həqiqət deyil. Azər İslamov heç vaxt zəkat zad da verməyib, onun hal-hazırda yaşadığı evi də mən vermişəm. Bundan başqa da maddi cəhətdən də həmişə kömək etmişəm”.
Aqil Babayev danışarkən zərərçəkmiş şəxs aqressiv hərəkətlər edib, tərəflər arasında mübahisə yaranıb.
Növbəti proses dekabrın 13-də davam etdiriləcək.
Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub.