Karantin dövründə Azərbaycanda sərbəst hərəkət üçün saxta arayış verənlərin sayı açıqlanıb.
Lent.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, 2020-ci ildə Bakı, rayon və şəhələrdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən 800-dən çox arayışın verilməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 415 cinayət işi başlanmışdır ki, bu işlərdən 334-ü karantin rejimimin sərtləşdirilməsi ilə əlaqədar prokuror nəzarətinin gücləndirilməsi tədbirlərindən sonra başlanıb.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilib.