İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.
APA-nın əldə etdiyi xəbərə görə, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.
Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.
Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.
Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı məlum olub.
***
09:45
Türkiyədə 70 kilo qızılla tutulan azərbaycanlının həqiqətən də diplomat kimi işlədiyi üzə çıxıb.
Lent.az qafqazinfo.az-a istinadla bildirir ki, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub.
Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
***
08:46
Ötən gün Türkiyədə 50 milyonluq qızıl qalmaqalı və bu işdə adı keçən Azərbaycanlı iş adamının axtarışa verilməsi barədə xəbər vermişdik.
İstanbul polisinin həyata keçirdiyi əməliyyatlar zamanı daha bir azərbaycanlı saxlanılıb.
Belə ki, İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin üzərində 70 kilo qızıl tapılıb.
Lent.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb.
Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.
Şübhəli şəxs taksidə olarkən saxlanılıb.
Qeyd edək ki, hadisələrin bir biri ilə bağlı olduğu ehtimal edilir.
Mövzunu diqqətdə saxlayacağıq.