İsmayıllıda meyit tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a bildirib ki, bu gün səhər saatlarında İsmayıllı rayonunun Diyallı kəndi ərazisində, yoldan aralı xəndəkdə təxminən 30-40 yaşlarında olduğu ehtimal edilən kişi meyiti aşkar edilib.
Meyiti tapılan şəxsin kimliyi bilinmir. Onun üzərində xəsarətlər olmayıb.
Meyit müayinə olunması üçün morqa yerləşdirilib və hazırda kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir.