Bakı Ağır Cinayətlər Məhkəməsində “AzGold” MMC-nin rəhbəri Müşfiq Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə hökm oxunub. Hökmə əsasən, M. Muxtarov barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
İttihama əsasən, Müşfiq Muxtarov SOCAR-ın birgə müəssisəsi olan “AzGerneft” MMC-nin təchizat şöbəsinin rəisi Loğman Hacıyevdən xaricdən qızıl külçələr gətirib, qazanc əldə etmək adıyla üç dəfəyə 2 milyon 19 min pul alıb və qaytarmayıb.
Müşfiq Muxtarov isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdi ki, Loğman Hacıyev birgə biznes məqsədilə ona cəmi 1 milyon 600 min manat verib. İş adamının sözlərinə görə, bunun müqabilində də 200 min qazanc götürüb: “Devalvasiyadan sonra işlərin yaxşı getmədiyini, qazanc olmadığını gördüm və 1 milyon 600 min manatını qaytardım. O, devalvasiya olduğunu əsas gətirib, məndən pulu dolların əvvəlki kursuyla hesablayıb, tələb etməyə başladı. Görəndə ki, məndən əlavə pul ala bilmir, əsassız şikayətlər yazmağa başladı”.
Loğman Hacıyev ifadəsində bildirib ki, Müşfiq Muxtarova verdiyi pulun 810 min manatı özünün, 741 min manatı qardaşının, 468 min manatı isə Müzəffər Həsənov adlı tanışının olub. Onlar da qızıl külçə biznesinə sərmayə yatırmaq məqsədilə pul veriblər.