İsmayıllı rayonunda iki qardaşı bıçaqlayaraq qaçan şəxs tutulub.
Bu barədə APA-nin yerli bürosu məlumat yayıb.
***
DİN İsmayıllıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirib ki, İsmayıllıda münaqişə zəminində iki qardaş olan İlkin və Abuzər Tahirlinin bıçaqlanması faktı ilə bağlı hadisə şahidlərinin izahatları alınıb, Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci ("Xuliqanlıq") maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törədən şəxsin şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən edilib. Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər saytlarında hadisə zamanı Cavid Əhmədov adlı İsmayıllı RPŞ-nin əməkdaşının həmin münaqişədə iştirak etməsi barədə informasiya yayılıb. Qeyd edək ki, polis şöbəsinin Post Patrul Xidmətində həmin adda əməkdaş xidmət aparmır. Həmin şəxsin kimliyi barədə araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək.
***
10:20
İsmayıllı rayonunda keçirilən toy mərasimində kütləvi dava düşüb, bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı şəhəri A. Aslanov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Səfəralıyev Nəriman Tahir oğlu övladı 1993-cü il təvəllüdlü Tahirli Abuzər Nəriman oğlu üçün "Gülüstan" şadlıq sarayında toy mərasimi təşkil edərkən qonaqlar arasında dava düşüb.
Toydan sonra onların davası mərasim sahibinin evində davam edib. Onları sakitləşdirmək istəyən bəy Abuzər Tahirli və onun qardaşı, 1993-cü il təvəllüdlü Tahirli İlkin Nəriman oğlu toy mərasiminə dəvət olunmayan kənar şəxs, rayon sakini 1996-ci il təvəllüdlü Ağayev Hafiz Telman oğlu tərəfindən bıçaqlanıb. Kürək, sol qoltuq və sağ bazu nahiyyəsindən bıçaq xəsarəti alan qardaşlar təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Övladlarının bıçaqlandığını görən bəyin atası Nəriman Səfəralıyev ürək tutması səbəbindən dünyasını dəyişib. Hadisəni törədən Hafiz Ağayev qaçaraq gizlənib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Qeyd edək ki, hadisəni törədən Hafiz Ağayev toya dəvət edilməyən başqa dostları, İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Cavid Əhmədov və bərbər işləyən İlkinurla birgə toy mərasiminə gələrək dava salıblar.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.