Füzulidə minaya düşənlərdən biri həlak olub.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
O bildirib ki, hər iki şəxs polis əməkdaşları tərəfindən minalanmış ərazidən çıxarılıb: “Polis və Daxili Qoşunların əməkdaşları hər tərəfi minalanmış əraziyə daxil ola biliblər. Əməkdaşlarımız hadisə yerinə çatanda minaya düşənlərdən Nuru Nuruyevin həlak olduğu müəyyən edilib. Onun meyiti ərazidən çıxarılıb. Digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib. Polis əməkdaşları onu da minalanmış ərazidən təhlükəsiz formada çıxararaq, xəstəxanaya təhvil veriblər”.
***
Saat: 15:04
Füzuli rayonuna qanunsuz girənlər minaya düşüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.
Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir.
Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunub.