Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslərin 3-nün kimliyi məlum olub.
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Saxlanılan şəxslərin Səricanov Azər Kamran oğlu, Əsgərov Elşad Tofiq oğlu, Şirinov Səbuhi Vəliyəddin oğlu olduğu bildirilir.
İstintaqa cəlb olunan şəxslərin İran İslam Respublikasına dəfələrlə səfər etdiyi də deyilir. Saxlanılanlardan Azər Səricanov "Hacı Azər" kimi tanınır və "youtube"da çıxışları yayılıb.
Martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.