Əvəz Zeynallı Saleh Məmmədovdan 8 min manatı necə alıb? - MƏHKƏMƏ
04 avqust 2023 15:43 (UTC +04:00)

Əvəz Zeynallı Saleh Məmmədovdan 8 min manatı necə alıb? - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilməsi davam etdirilib.

Prosesdə şahid qismində çıxış edən Şahbaz Qasımov ifadəsində göstərib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi vəzifəsində işləyir:

“2021-ci ilin iyunun 25-də işdə idim. Agentliyin İdarə Heyətinin sədrinin köməkçisi Çingiz Əmirov zəng vurub dedi ki, Əvəz Zeynallı binanın qarşısına gəlib, rəhbərlik tərəfindən qəbul olunmasını istəyir. Mən də mühafizə polisinə zəng vurub Əvəz Zeynallını xidməti otağıma göndərmələrini xahiş etdim. Nə məqsədlə gəldiyini soruşanda dedi ki, sizinlə bağlı şikayət var, araşdırmalıyam. Dedi ki, siz, Nağı İsmayılovun hüqüqlarını pozursunuz, Saleh Məmmədov barəsində əlimdə məlumatlar var, bunları ictimailəşdirəcəyəm, nüfuzunuza xələl gələcək”.

Şahbaz Qasımovun sözlərinə görə, Əvəz Zeynallı əməkdaşlıq etməyi təklif edib:

“Dedi ki, əgər 8 min manat versən, razılaşarıq, əks təqdirdə problemlər yaranacaq. Hədə-qorxunun təsiri altında olduğumdan istənilən məbləği verdim. Pulu aldıqdan sonra bir daha Nağı İsmayılovu, Saleh Məmmədovdan narazı olan hər hansı şəxsi verilişinə dəvət etməyəcəyinə söz verdi”.

Daha sonra, Şahbaz Qasımov Əvəz Zeynallının suallarını cavablandırıb. 

Əvəz Zeynallı onu heç vaxt görmədiyini və görüşmədiyini desə də, şahid Qasımov Əvəz Zeynallı ilə görüşüb, ona 8 min manat verdiyini deyib:

Bildirib ki, Əvəz Zeynallı “Xural TV”də 2 veriliş hazırlayıb. Həmin sujetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirib.  Mənim də vəzifəm tənqid olunurdu. 20-25 dəqiqə otaqda danışdıq, mən 8 min manatı verdim”.

Şahid bildirib ki, Əvəz Zeynallı Saleh Məmmədovun milyonluq əmlakları barədə də hədə-qorxu gəlib:

“Dedi ki, Saleh Məmmədovun milyonluq əmlakları barədə məlumat var.  Mən də bunun yayılmasından ehtiyatlandığım üçün pulu verdim". 

Ə. Zeynallı bildirib ki, həmin şəxsi tanımır və yalan danışır: "Bu adam deyir ki, mən Əvəzə 8 min pul vermişəm, sonra o barədə veriliş hazırlamayıb. Amma mən həbs olunan günə qədər həmin məsələ ilə bağlı 300 veriliş hazırlamışam".

Şahid Əvəz Zeynallının hədə-qorxularını birdəfəlik həll etmək üçün 8 min manat verdiyini deyib. 

Daha sonra, şahidin istintaqdakı ifadəsi məhkəmə zalında elan olunub. 

Məhkəmə iclası avqustun 11-ə təxirə salınıb. 
 
Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2430
avatar

Fidan İlqar

Oxşar yazılar